Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış ==
Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir.
Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir.
Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır.
== İxtisas üçün lazım olan xüsusiyyətlər ==
Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.